
Hamiləlikdə ayaq şişməsi
Hamiləlikdə ayaq şişməsi anaların ən çox rastlaşdığı narahatlıqlardan biridir. Hamiləlikdə qadının bədənində bir neçə fizioloji dəyişikliklər olur və bununla əlaqədar xüsusilə ikinci və üçüncü trimestrdə ayaqlar şişir.
Hamiləlik dövründə bədəndəki qan və maye həcmi artır, nəticədə ayaqlarda maye toplanması baş verir. Bundan əlavə, hamiləlik hormonları damar divarlarına təsir göstərir və böyüyən uşaqlığın damarlara təzyiqi qan dövranını müəyyən qədər ləngidə bilir. Bu səbəbdən ayaq və topuq nahiyəsində şişkinlik yaranır. Hamiləliyin son ayları yaxınlaşdıqca bu hal daha nəzərəçarpan olur.
Qeyd edək ki, hamiləlikdə ayaqların şişməsi təhlükəli hal deyil, lakin onun səbəbini və azaltmağın yollarını bilmək ana namizədinin gündəlik rahatlığı üçün vacibdir.
Hamiləlikdə ayaq şişməsinin səbəbi nədir?
Hamiləlikdə ayaq şişməsi əksər qadınlarda müşahidə olunan normal dəyişikliklərdən biridir. Qeyd etdiyimiz kimi bu narahatlıq, xüsusilə ikinci və üçüncü trimestrdə daha çox ortaya çıxır. Orqanizmdə baş verən hormonal və fizioloji dəyişikliklər nəticəsində ayaqlarda maye toplanması artır və şişkinlik yaranır.
Ayaq şişməsinin əsas səbəbləri bunlardır:
- Qan və maye həcminin artması – Hamiləlik dövründə körpənin inkişafını dəstəkləmək üçün bədəndə qan dövranı və maye miqdarı artır. Bu artıq mayenin bir hissəsi toxumalarda toplanaraq ayaqlarda ödem yaradır.
- Ayaqlarda maye toplanması – Gün ərzində cazibə qüvvəsinin təsiri ilə maye aşağı ətraflarda daha çox yığılır. Buna görə şişkinlik adətən axşam saatlarında daha nəzərəçarpan olur.
- Hamiləlik hormonları – Xüsusilə progesteron hormonunun artması damar divarlarının boşalmasına səbəb olur. Bu vəziyyət mayenin damarlardan toxumalara keçməsini asanlaşdırır və şişkinlik riskini artırır.
- Uşaqlığın damarlara təzyiqi – Körpə böyüdükcə uşaqlıq çanaq nahiyəsində yerləşən iri qan damarlarına təzyiq göstərir. Nəticədə ayaqlardan ürəyə qayıdan qan axını yavaşlayır və maye aşağı ətraflarda toplanır.
- Hamiləliyin son ayları – Son trimestrdə körpənin çəkisinin artması və uşaqlığın daha çox böyüməsi səbəbindən ayaq şişməsi daha qabarıq şəkildə hiss edilə bilər.
- Uzun müddət ayaq üstə qalmaq və ya oturmaq – Eyni vəziyyətdə uzun müddət qalmaq qan dövranını zəiflədir və ayaqlarda şişkinliyin artmasına səbəb olur.
Əksər hallarda hamiləlikdə ayaq şişməsi təhlükəli hesab edilmir və doğuşdan sonra tədricən azalır. Lakin bəzi istisna hallar varki hamiləlik dövründə ayağın şişməsi risklidir və mütləq həkimə müraciət edilməlidir.
Hansı hallarda hamiləlikdə ayaq şişməsi risklidirmi?
Hamiləlik zamanı yaranan ayaq şişməsi bəzi hallarda ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Məhz buna görə şişkinliyin səbəbini deyil, onun xarakterini və müşayiət etdiyi əlamətləri qiymətləndirmək vacibdir.
Ayaq şişməsi aşağıdakı hallarda daha ciddi problemlərin əlamətidir:
- Preeklampsiya – Hamiləlik zamanı yaranan yüksək qan təzyiqi ilə xarakterizə olunan ciddi bir ağırlaşmadır. Preeklampsiya damar sisteminə təsir göstərərək orqanizmdə maye balansının pozulmasına səbəb olur. Nəticədə ayaqlarla yanaşı üz və əllərdə də nəzərəçarpacaq şişkinlik yarana bilər. Müalicə olunmadıqda həm ananın, həm də körpənin sağlamlığı üçün risk yarada bilər.
- Qan dövranı və damar problemləri – Şişkinliyin yalnız bir ayaqda meydana çıxması, ağrı, həssaslıq və ya narahatlıq hissi ilə müşayiət olunması bəzi damar problemlərinə işarə edə bilər. Hamiləlik dövründə qanın laxtalanma meyli artdığı üçün bu cür hallar diqqətlə qiymətləndirilməlidir.
- Böyrək, ürək və ya qaraciyər xəstəlikləri – Bu orq
- anlar bədəndə maye balansının qorunmasında mühüm rol oynayır. Onların fəaliyyətində pozğunluq yarandıqda maye toxumalarda toplanaraq daha güclü ödemə səbəb olan haldır.
- Şişkinliyin sürətlə artması – Qısa müddət ərzində ayaqlarda və ya bədənin digər hissələrində nəzərəçarpacaq dərəcədə şişkinlik yaranması əlavə tibbi qiymətləndirmə tələb edə bilər. Bu vəziyyət bəzən sadəcə hamiləlik dəyişikliklərindən deyil, daha ciddi sağlamlıq problemlərindən qaynaqlanır.
Nəticə etibarilə, ayaq şişməsi hər zaman təhlükəli olmasa da, bəzi hallarda orqanizmdə baş verən daha ciddi dəyişikliklərin ilkin əlamətlərindən biri ola bilər. Ona görə hamiləlik dövründə aparılan müntəzəm müayinələrdə olmaq və hər hansı kiçik narahatlığı belə ginekoloqa demək önəmlidir.
Hamiləlikdə ayaq şişməsi ilə birlikdə şiddətli ayaq ağrısı
Hamiləlik dövründə ayaqlarda yüngül ağrı, ağırlıq hissi və yorğunluq ayaq şişməsi ilə birlikdə tez-tez müşahidə olunan hallardır. Lakin şişkinliyə şiddətli ağrı da əlavə olunursa, bu vəziyyətə diqqət yetirmək lazımdır. Xüsusilə ağrı gündəlik hərəkətləri məhdudlaşdırırsa, qəfil başlayırsa və ya getdikcə güclənirsə, səbəbi araşdırılmalıdır.
Şişkinliklə birlikdə ağrının yaranmasına təsir göstərə bilən amillər bunlardır:
- Əzələ və bağ toxumalarının gərilməsi – Artan bədən çəkisi və hormonal dəyişikliklər ayaqlara düşən yükü artıraraq ağrıya səbəb olur.
- Sinirlərə təzyiq – Böyüyən uşaqlığın sinirlərə təzyiq göstərməsi nəticəsində ayaqlarda ağrı, keyimə və sancma hissi yaranır.
- Varikoz damarlar – Genişlənmiş damarlar ayaqlarda həm şişkinlik, həm də ağırlıq və ağrı hissi yaradır.
- Əzələ qıcolmaları – Xüsusilə gecə saatlarında baş verən baldır qıcolmaları kəskin ağrı ilə müşayiət olunması mümkündür.
- Qan dövranı problemləri – Şişkinliklə yanaşı yaranan güclü və birtərəfli ağrı bəzi damar problemlərinin əlamətidir.
Ayaqdakı ağrı aşağıdakı hallarda olarsa, həkimə müraciət etmək vacibdir:
- Şişkinlik və ağrı yalnız bir ayaqda müşahidə olunursa;
- Ayaqda qızartı və ya istilik hissi yaranırsa;
- Şişkinlik qısa müddətdə nəzərəçarpacaq dərəcədə artırsa;
- Yerimək çətinləşirsə;
- Ağrı istirahət etdikdən sonra da davam edirsə.
Hamiləlikdə ayaq şişməsinin qarşısını necə almaq olar?
Hamiləlik dövründə ayaq şişməsinin tamamilə qarşısını almaq hər zaman mümkün olmasa da, bəzi sadə vərdişlər şişkinliyin azalmasına və ayaqlarda rahatlığın qorunmasına kömək edir.
Xüsusilə hamiləliyin son ayları ərzində qan dövranını dəstəkləmək və ayaqlarda maye toplanmasının qarşısını almaq üçün gündəlik həyat tərzində müəyyən dəyişikliklər etmək faydalıdır.
Ayaq şişməsini azaltmağa kömək edən üsullar bunlardır:
- Ayaqlarınızı gün ərzində bir neçə dəfə yuxarı qaldırın – Bu, aşağı ətraflarda yığılan mayenin geri dövranına kömək edir və şişkinliyi azaldacaq.
- Uzun müddət eyni vəziyyətdə qalmayın – Həm uzun müddət ayaq üstə qalmaq, həm də saatlarla oturmaq qan dövranını zəiflədə bilər. Müəyyən aralıqlarla hərəkət etmək faydalıdır.
- Müntəzəm gəzintilər edin – Yüngül fiziki aktivlik qan dövranını yaxşılaşdırır və ayaqlarda maye yığılmasının qarşısını almağa kömək edir.
- Kifayət qədər su için – Bir çox insanın düşündüyünün əksinə olaraq, düzgün maye qəbulu orqanizmdə suyun tutulmasını azaldır.
- Rahat ayaqqabı seçin – Dar və sıx ayaqqabılar ayaqlardakı təzyiqi artıraraq şişkinliyi daha da gücləndirə bilər. Ayağın ölçüsünə uyğun, rahat modellərə üstünlük verilməlidir.
- Sol böyrü üstə yatmağa çalışın – Bu mövqe uşaqlığın iri qan damarlarına göstərdiyi təzyiqi azaldır və qan dövranının daha rahat işləməsinə kömək edir.
- Kompressiya corablarından istifadə edin – Həkim məsləhəti ilə istifadə edilən kompressiya corabları ayaqlarda qan dövranını dəstəkləyərək ödemin azalmasına kömək edə bilər.
- Duzlu və həddindən artıq işlənmiş qidaların qəbulunu məhdudlaşdırın – Bu cür qidalar bəzi hallarda orqanizmdə maye tutulmasını artıra bilər.
- İsti hava şəraitində ehtiyatlı olun – Yüksək temperatur damarların genişlənməsinə səbəb olduğu üçün şişkinlik daha çox hiss edirir. Ona görə uzun müddət isti havada olmamağa çalışın.
Bu tədbirlər ayaq şişməsini tam aradan qaldırmasa da, gündəlik narahatlığı azaltmağa və hamiləlik dövrünü daha rahat keçirməyə kömək edə bilər. Şişkinlik sürətlə artırsa və ya digər narahatedici əlamətlərlə birlikdə müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.


